Dekabrın 30-da xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı təntənəli şəkildə qeyd edildi. Bayram şənliyində Xocalı rayon İcra Hakimiyyəti Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri və işçiləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və məktəblilər iştirak etdilər. Xocalı rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, rayon icra hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva təbrik üçün çıxışında bildirdi ki, xalqımız milli bayramlarını yüksək əval-ruhiyyədə qeyd edir. Bunu torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda edən, bizə qələbə sevincini, qürurunu yaşadan şəhidlərimizə borcluyuq. Lamiyə Qarayeva 31 Dekabr - Dünya Azərbaycanlılarının qeyd olunmasının ənənəyə çevrildiyini qeyd edərək bu əlamətdar gün qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini, milli həmrəyliyini özündə əks etdirdiyini dedi. Vurğuladı ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib. Çağdaş azərbaycançılıq ideologiyasının banisi Ulu öndər Heydər Əliyev xarici ölkələrə hər səfərində həmvətənlərimizlə görüşə həmişə vaxt ayırır, onların problemləri ilə tanış olur və təşkilatlanması üçün öz tövsiyələrini verirdi. Bu ənənə Cənab Prezidentimiz İlham Əliyev tərəfindən də davam etdirilir. Ölkə başçısı xaricdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsində mühüm tədbirlər həyata keçirir. Dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlının milli ruhunun yüksəldilməsində, onların vahid ideologiya ətrafında birləşməsində böyük töhvələr verir. 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının həmrəyliyini, Cənab Prezidentimizin ətrafında bir yumruq kimi birləşdiyini nümayiş etdirdi. Əyləncəli şənlikdə uşaqlar Yeni il personajları olan Şaxta baba və Qar qızla şən musiqi sədaları altında rəqs etdilər, şeirlər və mahnılar oxudular,Bayram şənliyində Xocalı şəhər 3 nömrəli Uşaq Musqi Məktəbinin müəllimləri - Vüsalə Hümbətova, Flora Cavadova, Nəsif Quliyev, Xocalı şəhər 1 nömrəli Uşaq Musqi Məktəbinin müəllimləri - İsmayıl Məmmədov, Fəxri Feyzullayev, gənc müğənnilər - Pərviz Ağayev, Anar Əliyev, Azər Həsənəliyev bir-birindən gözəl şən mahnılar ifa etdilər. Xocalı şəhər 4 saylı tam orta məktəbinin şagirdlərinin iştirakı ilə "Kinoaparat" adlı maraqlı, gülüş dolu və fərqli bir mövzuda yumor səhnəciyi nümayiş etdirildi. Goranboy rayon İncəsənət Məktəbinin şagirdləri azərbaycaının milli rəqsləri "Naz eləmə" və "Yallı" rəqslərini təqdim etdilər.Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı şənliyi xoş ovqatla yekunlaşdı.